AÇ-də uğur qazanmış millimizin üzvləri federasiya tərəfindən təbrik olundu
18 iyun 2013 16:56

Xəbər verildiyi kimi, Portuqaliyanın Porto şəhərindəki Avropa çempionatında Azərbaycan pauerliftinq yığma komandasının üzvləri pauerliftinq, benç-press və dedlift üzrə güclərini sınamış və 11 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışdılar. Azerisport.az xəbər verir ki, iyunun 18-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Ağır Atletika Akademiyasında pauerliftinq üzrə yığma komandanın üzvləri ilə görüş keçirilib.
Avropa çempionatında qalib adını qazanmış idmançılarımızdan Bəxtiyar Quliyev və Rüfət Ağayevlə Azərbaycan ağır atletika yığmasının üzvləri, rəhbərlik və məşqçilər heyəti görüşüblər. AAAF-ın icraçı direktoru İsgəndər Əsgərov azərbaycanlı idmançıların Portuqaliyadakı Avropa çempionatında 11 qızıl medal qazanaraq böyük uğura imza atdığını qeyd edib, ağır atletika və pauerliftinq idman növlərinin bir-birinə yaxınlığından danışıb.
Çıxışlardan sonra ağır atletika üzrə Avropa çempionu İntiqam Zairov, yığmamızın baş məşqçisi Zlatan Vanev və onun köməkçisi Xanlar Nəbiyev pauerliftinqçilərə təqdim olunub. Ağırlıqqaldıranlar pauerliftinqçiləri AAAF-ın xatirə hədiyyələri və çiçəklərlə təbrik ediblər.
Görüşün sonunda pauerliftinqçilər Ağır Atletika Akademiyasındakı şəraitlə tanış olublar.
Qeyd edək ki, tədbir AAAF prezidenti Cahangir Əsgərovun şəxsi təşəbbüsü ilə keçirilib.