Məmmədliyə Avropa çempionu olması üçün cəmi 1 kq yetmədi
5 sentyabr 2013 16:54

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyində növbəti yarış gününə start verilib. Azerisport.az xəbər verir ki, bu gün iki idmançımız – Məhəmməd Məmmədli və Emin Mirzəyev körpücük üzərinə çıxıblar. Hər iki atlet yaşı 17-yə qədər olan idmançıların mübarizəsində 50 kq çəki dərəcəsində çıxış ediblər.
Lerik idmançısı Mirzəyev Emin birdən qaldırma hərəkətində ilk yanaşmasında 72, sonra isə 77 kq-ı başı üzərinə qaldırıb. Ancaq sonuncu sifarişi olan 80 kq-ı ram edə bilməyib. Təkanla qaldırma hərəkətində Emin birinci yanaşmasında 92 kq-ı rahat qaldırıb. Ancaq sonrakı iki cəhddə 98 kq-ı ram etmək mümkün olmayıb. Təkanla qaldırma Mirzəyevin güclü tərəfi olsa da, idmançımız uğursuzluqdan qaça bilməyib. Toplamda 169 kq (77 kq + 92 kq) nəticə gösətən Emin, ümumi sıralamada 5-ci yeri tutub.
İsmayıllı idmançısı Məhəmməd Məmmədli isə çox yaxşı çıxış edib. Gənc atlet birdən qaldırma hərəkətində əvvəlcə 79, sonra isə 81 kq-ı rahatlıqla başı üzərinə qaldırıb. Ancaq üçüncü yanaşmasında 83 kq-lıq ştanq ona ram olmayıb. Buna baxmayaraq, Məmmədli bu hərəkətdə gümüş medal qazanıb.
Təkanla qaldırma hərəkətində isə atleitmiz daha yaxşı çıxış edib. O, əvvəlcə 95, sonra isə 100 kq-ı qaldırıb. Sonuncu yanaşmada 102 kq-a güc gələ bilməsə də, bu hərəkətdə qızıl medala sahib çıxa bilib.
Toplamda 181 kq (81 kq + 100 kq) nəticə göstərən Məhəmməd Məmmədli Avropa birincliyinin gümüş medalını qazanıb. Atletimiz qızıl medalı yalnız bir kiloqram fərqlə uduzub. Məhəmməd təkanla qaldırmada üçün yanaşmasında 102 kq-ı qaldıra bilsəydi, çempion adını qazanacaqdı. Atletimizin sadəcə bəxti gətirmədi.