Azərbaycan AÇ-yə gümüş medal ilə yekun vurdu (FOTO)
8 sentyabr 2013 22:06

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının son üzvü – Dadaş Dadaşbəyli məhz bu gün körpücük üzərinə çıxıb və uğur qazanıb.
O, yaşı 17-yə qədər olan idmançıların mübarizəsində, 94 kq çəki dərəcəsində çıxış edərək gümüş medala sahib çıxıb.
Qobustanlı atletimiz birdən qaldırmada hər üç yanaşmasını uğurla yerinə yetirib. Əvvəlcə 142, sonra 147, sonda isə 151 kq-ı ram edən Dadaşbəyli, bu hərəkətdə ikinci yeri tutub.
Dadaş təkanla qaldırma hərəkətinə də yaxşı başlayıb. O, ilk olaraq 170 kq-ı rahatlıqla ram edib. Bu yanaşmayla atletimiz toplamda gümüş medalı özünə təmin etmişdi. Bununla kifayətlənməyən Dadaşbəyli, riskə gedərək ikinci yanaşmasında 10 kq artıq – 180 kq sifariş verib. Ancaq bu çəkini ram edə bilməyib. Ruhdan düşməyən atletimiz daha 3 kq əlavə edərək təkanla qaldırma hərəkətində qələbə üçün körpücüyə çıxıb. Əsl xarakter nümayiş etdirən Dadaşbəyli, 183 kq-ı başı üzərinə qaldıraraq, bu hərəkətdə Avropanın ən yaxşısı olub.
Toplamda 334 kq (151 kq + 183 kq) nəticə göstərən Dadaşbəyli Avropa birinciliyində gümüş medal qazanıb.