Avropa çempionatında ilk qızıl medalımız (FOTO, VIDEO)
24 sentyabr 2013 12:15

Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi start götürüb. Azerisport.az xəbər verir ki, azərbaycanlı ağır atletlərdən 23 yaşa qədər oğlanlar arasında mübarizə aparan Yuri Dudoqlo uğur qazanıb. O, 62 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.
Birdən qaldırma hərəkətinə Yuri 125 kq-la başlayıb. Bu çəkini uğurla ram edən atletimiz, ikinci yanaşmasında 130 kq-ıa da başı üzərinə qaldıra bilib. Ancaq üçüncü yanaşmasında 132 kq-a güc gələ bilməyən Dudoqlo, bu hərəkətdə ikinci olub.
Təkanla qaldırma hərəkətində isə hər şey qaydasında olub. Yuri ilk cəhdində qaldırdığı 155 kq-la qızıl medala doğru böyük addım atdı. İkinci yanaşmasında 156 kq-ı da ram edən atletimiz, üçüncü cəhddə 159 kq-ı qaldıra bilməsə də, birinci ola bilib.
Beləliklə, toplamda 286 kq (130 kq + 156 kq) nəticə göstərən gənc ağırlıqqaldıranımız Avropa çempionu adını qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.