Avropa Çempionatında 3-cü qızıl medalı Nəbiyev qazandı (VİDEO, FOTOLAR)
27 sentyabr 2013 00:23

Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, ötən gün Azərbaycan yığmasının son üzvü – Nailxan Nəbiyev körpücük üzərinə çıxıb.
O, 20 yaşa qədər oğlanlar arasında 94 kq çəki dərəcəsində mübarizə aparıb. Nailxan Avropa çempionu adını qazanaraq, milli komandamızın aktivinə 3-cü qızıl medalı yazdırıb.
Nailxan birdən qaldırma hərəkətində birinci yanaşmada 147 kq-ı ram edə bilməyib. Ancaq sonrakı cəhdində bu çəkinin öhdəsindən gələn Nəbiyev, üçüncü yanaşmada 153 kq-lıq ştanqı da başı üzərinə qaldıraraq, bu hərəkətdə 2-ci olub.
Təkanla qaldırma hərəkəti daha uğurlu alınıb. Atletimiz əvvəlcə 186, sonra isə 190 kq-ı ram edərək, bütün rəqiblərini qabaqlayıb. Üçüncü yanaşmasında 202 kq-ı qaldıra bilməməsi də buna mane olmayıb. Nailxan həm bu hərəkətdə, həm də ümumi sıralamada qızıl medala sahib çıxıb.
Beləliklə, toplamda 343 kq (153 kq + 190 kq) nəticə göstərən Nailxan Nəbiyev Avropa çempionu adını qazanıb.