Firudin Quliyev: Dünya çempionatında medal qazanacağımı gözləmirdim
26 noyabr 2013 15:33

Ötən ay Polşanın Vrotslav şəhərində keçirilmiş dünya çempionatı ağırlıqqaldıranlarımız üçün uğurlu keçdi. İlk dəfə bu mötəbər yarışda milli komandamızın qadın idmançısı fərqləndi. Digər sevindirici məqam, gənc atlet Firudin Quliyevin (69 kq) fəxri kürsüyə çıxması oldu.
İyulda Kazanda təşkil olunmuş tələbələrin universiadasında qızıl medal qazanaraq 2 rekord əldə edən 19 yaşlı idmançı, planetin ən güclülərinin yarışında bürünc mükafata sahib çıxdı.
Bu günlərdə perspektivli ağırlıqqaldıranla əlaqə saxlayıb, həmin sevincli anları bir daha səhifələdik. Azerisport.az saytının əməkdaşına verdiyi müsahibəsində, idmançı gələcək planlarından da danışdı:
- Dünya çempionatında fərqləndiniz. Bir debütant kimi, sizin uçun bu gözlənilməz olmadı?
- Etiraf edim ki, bəli, bu yarışda medal qazanacağımı gözləmirdim. Düzdür, tələbələrin universiadasında baş mükafata yiyələnmişdim. Amma dünya çempionatı ayrı yarışdır. Bu rəqabət, adından göründüyü kimi, ən güclülərin yer aldığı mübarizədir.
- Hər halda, bu sınaqda başqa prinsip vardı: siftəni uğurla başlamaq. Yəqin, özlüyünüzdə yaxşı toparlanmışdınız.
- Rəqiblərim çox güclü idi. Ancaq mən də pis hazırlaşmamışdım. Bəli, düzgün qeyd etdiniz. Bu dünya çempionatı mənim üçün çox önəmli idi!
- Gələn ay Bakıda qran-pri yarışı keçiriləcək. Həmin turnirdə çıxış etmək niyyətiniz varmı?
- Sözsüz. Əlahiddə bir şey baş verməsə, inşallah, bu mübarizəyə qatılacağam.
- Sizin çıxış etdiyiniz çəkidə milli komandada rəqabət var. Birinciliyi qorumaq üçün planlarınız nədən ibarətdir?
- Tamamilə doğrudur. Daxili mübarizədə rəqabət böyükdür. Amma mən də boş dayanmayacağam. Daha çox və həvəslə məşqlər edib, əsas heyətdə yerimi qorumağa çalışacağam.
- Firudin Quliyevin bundan sonra ən başlıca hədəfi, çox güman, Rio olimpiadası olacaq.
- Hər bir idmançının arzusu olimpiya çempionu olmaqdır. Şübhəsiz ki, əsas hədəfim Rio-2016-da Azərbaycanın bayrağını zirvələrdə dalğalandırmaqdır. Allah qoysa, bu da olacaq.