Zirvənin Polşada filialları açılır

“Zirvə” İdman Klubunun Azərbaycan ağır atletikasındakı liderliyi davam edir. Azerisposrt.az xəbər verir ki, ölkə daxilində idmançılarımız bütün yaş qrupları üzrə yarışlarda fəxri kürsünün yüksək pillələrinə qalxaraq güclərini sübut edə bilirlər. Klubun Azərbaycanın bir çox bölgələrindəki filiallarında yüzlərlə ağırlıqqaldıran gələcəyin çempionları olmaq üçün çalışırlar.
Klub coğrafiyasını da genişləndirir. Bildiyiniz kimi, artıq “Zirvə” İdman Klubu – “Zirvə Beynəlxalq İdman Klubları” layihəsi çərçivəsində Türkiyə, Moldova, Gürcüstanda filiallarını açıb. Çox sayda ağır atlet həm öz ölkələri daxilində, həm də beynəlxalq yarışlarda bu klubun adından çıxış edirlər.
Yaxın müddətdə klubun Ukrayna, Belarus və başqa ölkələrdə filiallarının açılması gözlənilir. Polşadakı nümayəndəliyin açılması üzrə işlər isə tam sürətlə davam edir. Varşavaya yollanan klub prezidenti Tofiq Heydərov bu istiqamətdə bir sıra görüşlər keçirib.
İlk olaraq Polşa Ağır Atletika Federasiyasının prezidenti Şimon Koletski ilə görüşən prezident ondan tam dəstək alıb. Koletski bildirib ki, ölkələrində açılacaq “Zirvə” filialı üçün bütün lazımi təşkilati və digər köməyi etməyə hazırdı. Polşa filialının rəhbəri Marek Drzevovski və “Terespol-Zirvə” klubunun baş məşqçisi Marek Zelionkanın da qatıldığı səmimi və qarşılıqlı müsbət ünsiyyət ortamında keçən görüşdən sonra Tofiq Heydərov Terespol şəhərinə yola düşüb.
O, ilk olaraq Terespol şəhərinin meri Yatsek Danilyukla görüşüb. Müzakirə zamanı şəhərin mərkəzi idman kompleksinin icarəsi, orada “Zirvə”nin ilk Polşa filialının açılması məsələsi danışılıb. Prezident klubun yaradılmasından sonra 11 akrlıq torpaq almaq, oraya sərmayə qoyaraq içərisində mehmanxana, tennis kortu, futbol meydançası, basseyn, restoran və digər istirahət, idman və iaşə obyektləri olan böyük bir kompleks tikmək istəyini dilə gətirib. Şəhər rəhbərliyi bu təklifi müsbət qarşılayıb. Qarşıdakı iki həftə ərzində müvafiq sənədləşmənin aparılması və lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Paytaxt Varşavaya geri dönüş zamanı Tofiq Heydərov yolüstü daha bir şəhərə – Sedltseyə baş çəkib. Burada mərkəzi idman kompleksinə baş çəkən prezident Stefan Dluqoş və Rişard Soçko ilə görüşüb. Qarşı tərəf “Zirvə”nin bu şəhərdəki filialının yaradılmasında maraqlı olduqlarını qeyd ediblər. Prezident bu əməkdaşlığa müsbət yanaşdığını bildirməklə yanaşı, artıq 2015-ci ildə keçiriləcək “1-ci Ümümdünya Zirvə Oyunları”nı Polşada təşkil etmək fikrində olduğunu qeyd edib. (klub saytı)