Kostova Avropa rekordunu yeniləyərək çempion oldu!

Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün Azərbaycan yığmasının daha üç üzvü körpücük üzərinə çıxıb.
Boyanka Kostova yaşı 23-ə qədər olan qadın idmançılarla 53 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb. Boyanka birdən qaldırmada ilk yanaşmasında 88 kq-ın öhdəsindən gəlib. İkinci yanaşmada Kostova 91 kq-ı ram edib. Üçüncü yanaşmada isə idmançımız 93 kq-ı qaldırmaq üçün körpücük üzərinə çıxıb. Bu çəki U-23 qadınlar arasında birdən qaldırma hərəkətində Avropa rekordunun yenilənməsi demək idi. Və qadın atletimiz bu işin öhdəsindən məharətlə gəlib. O, özünə məxsus olan, 2011-ci ilin noyabr ayında Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında müəyyən etdiyi rekordu yeniləyib. Həmin turnirdə o, birdən qaldırma hərəkətində 92 kq-ın öhdəsindən gəlmişdi. Kostova təkanla qaldırma hərəkətinə də uğurla başlayıb. O, əvvəlcə 105 kq-lıq ştanqın öhdəsindən gəlib. Növbəti sifariş verdiyi 110 kq-ı isə yalnız iki yanaşmaya ram edə bilib. O, bu hərəkətdə gümüş medal qazanıb. Toplam 203 kq (93+110) nəticə göstərən Boyanka Kostova bütün rəqiblərini qabaqlayaraq gənclər arasında Avropa çempionu olub.
Ötən gün Azərbaycan yığmasının daha iki üzvü – Kənan Əliquliyev və Elşad Şərifov 69 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
“Lənkəran-Zirvə” İdman Klubunun üzvü Kənan Əliquliyev birdən qaldırmada əvvəlcə 113, sonra isə 118 kq-ın öhdəsindən uğurla gəldi. 3-cü yanaşmasında 121 kq-ı ram edə bilməyən atletimiz bu hərəkətdə 9-cu olub. Kənan təkanla qaldırma hərəkətində 140 kq-ı yalnız üçüncü yanaşmasında qaldıra bilib. Bu nəticə ilə o bu hərəkətdə də 9-cu olub. Toplamda 258 kq (118+140) nəticə ilə Əliquliyev Avropa çempionatında 9-cu yerlə kifayətlənib.
“Şamaxı-Zirvə” İdman Klubunun üzvü Elşad Şərifov birdən qaldırma hərəkətində ilk olaraq 120 kq-ı başı üzərinə qaldırıb. 125 kq-ı isə növbəti iki cəhddə ram edə bilməməsi üzündən atlet bu hərəkətdə 8-ci olub. Elşad təkanla qaldırma hərəkətində əvvəlcə 150, sonra isə 155 kq-ın öhdəsindən gəlib. Üçüncü yanaşmasında 157 kq-ı ram edə bilməyən atletimiz, bu hərəkətdə 5-ci olub. Toplamda 275 kq (120+155) nəticə göstərən Elşad Avropa çempionatında 7-ci yeri tutub.