Daha bir qızıl medal Zirvənin Ukrayna filialına getdi

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsində ikinci yarış qrupu körpücük üzərinə çıxıb. Azerisport.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və kluba məxsus olan “Altınpark-Akarsu” İdman Kompleksində U-20 qadınlar, yəni yaşı 20-yə qədər olan idmançılar mübarizəyə başlayıblar.
Qalib adını 18 yaşlı Anastasiya Romanova qazanıb. “Jidaçiv-Zirvə” klubunun nümayəndəsi olan qadın atlet 225 kq (105+120) nəticə ilə 255.11 Sinkleyr xalı toplayaraq qızıl medala sahib çıxdı. İkinci yerə Azərbaycan idmançısı, “Samux-Zirvə” klubundan Elnarə Abbasova çıxıb. O, gümüş medalı 185 kq (80+105) nəticə və 241.83 Sinkleyr xalı ilə əldə edib. Bürünc medal isə 180 kq (80+100) nəticə və 226.06 xalla “Ankara-Zirvə”dən Zeynep Atakana qismət olub.