Qadınların mübarizəsində son qızılı moldovalı qazandı

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsində qadınlar medal mübarizəsi başa çatıb. Azerisport.az xəbər verir ki, zərif cinsin nümayəndələrindən son olaraq yaşı 20-dən çox olan atletlər qalibləri müəyyənləşdirməyə çalışıblar.
Türkiyənin paytaxtı Ankara şəhərindəki “Altınpark-Akarsu” İdman Kompleksinin yarış zalında keçirilən çempionatın bu yaş qrupunda moldovalı atlet Natalya Prişepa hamını üstələyib. O, 230 kq (105+125) nəticə və 290.28 Sinkleyr xalı ilə qızıl medala sahib çıxıb.
İkinci yeri Bolqarıstandan Milka Maneva tutub. “Smolyan-Zirvə” təmsilçisi 205 kq (90+115) nəticə və 279.18 xalla gümüş medal qazanıb. Fəxri kürsünün son pilləsinə isə həmyerlimiz Anastasiya İbrahimli çıxıb. “Abşeron-Zirvə” klubunun nümayəndəsi 201 kq (89+112) nəticə və 267.45 xalla bürünc medalı boynundan asmaq hüququ qazanıb.