Azərbaycandan birdən-birə üç medal!

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsində güclü cinsin nümayəndələri mübarizəyə qoşulublar. Azerisport.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində “Altınpark-Akarsu” İdman Kompleksində keçirilən turnirdə kişilərdən ilk olaraq yaşı 12-yə qədər olan idmançılar körpücük üzərinə çıxıblar.
Sevindiricidir ki, fəxri kürsünün hər üç pilləsində Azərbaycan ağır atletləri yer alıblar. Toplam 170 kq (79+91) nəticə və 257.23 Sinkleyr xalı toplayan Manafov Yaqub qızıl medal qazanıb. Ikinci yeri “Abşeron-Zirvə”dən Cavadov Ömər tutub. O, 91 kq (39+52) nəticə və 256.70 xalla gümüş medala sahib çıxıb. Üçüncülük isə “İsmayıllı-Zirvə”dən Rəhimov Kənana qismət olub. Çempionatın ən gənc atleti toplam 79 kq (32+47) nəticə və 252.83 xalla bürünc medala layiq görülüb.