Günün son qalibi türkiyəli atlet oldu

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsinin ilk yarış günü başa çatıb. Azerisport.az xəbər verir ki,Türkiyənin paytaxtı Ankaradakı “Altınpark-Akarsu” İdman Kompleksində keçirilən bu turnirdə son olaraq yaşı 15-ə qədər olan oğlanlar körpücük üzərinə çıxdılar.
Qalib adını qardaş ölkə Türkiyə idmançısı Ahmet Çağlar qazandı. O, 248 kq (113+135) nəticə və 339.39 Sinkleyr xalı ilə qızıl medala sahib çıxdı. İkinci pillə gürcü atlet İrakli Çxeidzeyə qismət oldu. O, 260 kq (117+143) nəticə və 329.11 Sinkleyr xalı ilə gümüş medal əldə etdi. Üçüncü pillədə isə Azərbaycan atleti sahib çıxdı. “Abşeron-Zirvə” nümayəndəsi İsmayılov Hüseyn 258 kq (116+142) nəticə və 327.81 xalla bürünc medala layiq görüldü.